Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində “100 ilin Naxçıvanı” adlı seminar keçirilib. Tələbələr, könüllü gənclər və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən tədbirin məqsədi gənc nəsli Naxçıvanın keçdiyi tarixi inkişaf yolu, muxtariyyəti və onun əhəmiyyəti barədə məlumatlandırmaq olub.
Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları salamlayaraq ölkə başçısının imzaladığı 30 dekabr 2023-cü il tarixli müvafiq Sərəncamını xatırladaraq deyib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı bütün ölkə ərazisində tədbirlərin keçirilməsi nəzərdə tutulub. Gənclər və İdman Nazirliyi də bununla bağlı illik plan müəyyənləşdirib və yanvarın əvvələrindən etibarən icrasına start verilib. Əlavə olunub ki, qarşıdakı dövrdə həm gənclər, həm də idman sahəsində muxtariyyətin 100 illiyinə həsr olunmuş müxtəlif konseptdə tədbirlər, fəaliyyətlər icra olunacaq.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun təqdimatında seminar başlayıb. Elm adamı gənclərə mövzu ilə bağlı biliklərini aşılayıb, iştirakçıları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb. Gənclər əvvəlcə Naxçıvanın ümumi tarixi ilə bağlı qısa xülasə ilə tanış olublar. Digər yanaşmalarda muxtariyyətin 100 illiyi ilə bağlı faktlar sadalanıb, Naxçıvanın bu dövrü əhatə edən inkişaf yolu, bu yolda böyük xidmətləri olan tarixi şəxsiyyətlərlə bağlı fikirlər səsləndirilib, Moskva və Qars müqavilələrinin əsas məğzi və əhəmiyyəti təhlil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti